13 boksçumuz 1/4 finalda

Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, 1/4 finala gedən yolda ötən gün daha 5 çəkidə döyüşlər keçirilib.

 

Bunun 4-də kişi, 1-də qadın boksçular mübarizə aparıblar. Bütün çəki dərəcələrində rinqə çıxan Azərbaycan boksçuları döyüşlərini qələbə ilə başa vurublar. Bununla da 1/4 finalda mübarizəni davam etdirəcək idmançılarımızın sayı 13-ə çatıb.

 

64 kq çəki dərəcəsində 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkib. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının duelindən təmsilçimiz qalib ayrılıb. Lorenzo rəqibinin 1 raundda belə sevinməsinə imkan verməyərək, 3:0 (30:27; 30:27; 30:27) hesablı qələbə sayəsində 1/4 finalda iştirak hüququ qazanıb.

 

Boksçumuz növbəti mərhələdə Daniel Nikulesku (Rumıniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 20:15-də başlayacaq.

 

75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirib. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb - 3:0 (29:28; 29:28; 29:28).

 

Ötən gün 69 kq çəki dərəcəsində Pərviz Bağırov, 91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev, qadınlar arasında 60 kq çəki dərəcəsində isə Yana Alekseyevna da 1/4 final mərhələsinə vəsiqə qazanan boksçularınız arasındadır.

 

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.

 

Bu gün beş boksçumuz 1/4 final mərhələsi çərçivəsində rinqə çıxacaq. 

Müəllif | Apa.Tv
Apa.tv