Millimizin qələbələr seriyasına Türkiyə yığması son qoydu
Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində 1/4 finalçılar müəyyənləşib.
APA TV-nin məlumatına görə, qrup mərhələsinin son turunun matçlarından sonra mübarizəni davam etdirəcək 8 komandanın tam siyahısı dəqiqləşib.
Bu oyunadək mərhələ adlayacağını rəsmiləşdirən Azərbaycan yığması son turda liderlik oyununa çıxıb. Millimiz ən yaxın təqibçisi olan Türkiyə yığmasına 3 setdə uduzaraq, zirvəni əldən verib.
Qarşılaşma boyu Türkiyə millisi üstün oyun nümayiş etdirib. Ən gərgin mübarizə isə ikinci setdə qeydə alınıb. Türkiyəli voleybolçular vaxtından əvvəl set üstünlüyünə sevinsələr də, Azərbaycan millisinin etirazı ilə hakimlər müəyyən tərəddüdlərdən sonra komandamızın lehinə qərar veriblər.
Bununla belə, millimiz seti qələbə ilə başa vura bilməyib və Türkiyə yığması fasiləyə 26:24 hesablı üstünlüklə yollanıb.
Üçüncü setdə də Türkiyə millisi üstün olub. Qardaş ölkə millisi sonuncu setdə 25:21 hesabı ilə qalib gəlib.
Növbəti mərhələyə qrup ikincisi kimi adlayan yığmamız 1/4 finalda B qrupunun 3-cüsü ilə qarşılaşacaq. Millimiz yarımfinala vəsiqə üçün Almaniya səddini keçməli olacaq.
A qrupunda Türkiyə 1-ci, Polşa 3-cü, Belçika 4-cü yerin sahibi kimi mərhələ adlayıb. B qrupunda Serbiya və Hollandiyanın ardından Almaniya ilə Rusiya da 1/4 finala çıxıb.