Bakı-2015: Rusiya yenə lider, Azərbaycan yenə ikinci...

Bakı-2015 I Avropa Oyunlarının X günündə 25 dəst medalın sahibi məlum olub.

 

APA TV-nin məlumatına görə, 10 idman növündə mükafatçıların adlarına aydınlıq gəlib. Belə ki, aerobika, akrobatika, batut, bədii gimnastika, atıcılıq, çimərlik voleybolu, kamandan oxatma, şosse velosipedi, su polosu və suyatullanma yarışlarında ən güclülər müəyyənləşib.

 

Azərbaycan Oyunların X günündə 2 medal qazanıb. Bədii gimnastımız Marina Durunda fəxri kürsünün ikinci pilləsinə qalxdığı halda, batutçu İlya Qrişunin 3-cü yeri tutub.

 

Dünən qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 35-ə çatdırıb. İlk 10 gündən sonra Azərbaycan 14 qızıl, 7 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

 

Siyahının lideri olan Rusiya ötən gün daha 18 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 77 mükafat olan rusiyalıların medallarından 40-ı qızıl, 23-ü gümüş, 14-ü bürüncdür.

 

Üçüncü pillədə dəyişiklik olmayıb. Dünən üçüncülüyü ələ keçirən Almaniya daha 2 qızıl və 3 bürünc medal qazanaraq, mövqeyini bir qədər də möhkəmlədib.

 

Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Finlandiya atıcılıq yarışında bürünc medal əldə edib. Bununla finlandlar 39-cu medalçı komanda olub.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 10 günündə ümumilikdə 452 - 140 qızıl, 140 gümüş, 172 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 39 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv