Bakıya gələn prezidentlərin ən sevimli yeri - REPORTAJ

Azərbaycanda keçirilən Avropa Oyunları ilə əlaqədar ölkəmizə turistlər gəlməkdə davam edir. Turistlərin üz tutacağı məkanlardan birincisi elə qədim İçərişəhərdir. Əcnəbilər burda qədim Bakı ilə tanış olmaqla bərabər, həm də milli təamlarımızın dadına baxırlar. Axşam saatlarında burada müxtəlif ölkələrdən gələn turistləri görmək mümkündür.

 

Ölkəmizdə olan əcnəbi qonaqlar paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olurlar. Ancaq bir yer də var ki, yolu paytaxtımızdan keçənlər mütləq bura baş çəkirlər. Xarici ölkələrin prezidentləri, hökumət nümayəndələri bura gələrək Azərbaycan çörəyinin dadına baxırlar.

 

Azərbaycana gələn prezidentləri, UNESCO rəhbərlərini, xeyli sayda turisti qonaq edən bu məkan əcnəbilərin sevimli yerinə çevrilib. Milli xörəklərimizi hazırlayan Həqiqət xanım Soltanova deyir ki, gələn qonaqlar çörəyin dadına baxdıqdan sonra özləri ilə də aparırlar: "İlham Əliyev gəlib, Mehriban xanım Vyetnamın prezidenti və xanımı ilə gəlmişdi. Çox prezidentlər gəlib. Putin gəlmişdi. Çörəyimizi yedi, çox bəyəndi. İspaniyadan, İngiltərədən, ABŞ-dan gəlirlər. Çox bəyənirlər".

 

Həqiqət xanım deyir ki milli yeməklərimizi bəyənən qonaqlar təndirçi xanımların birini İspaniyaya dəvət ediblər: "İspaniyadan qonaqlar gəlmişdi. Onlar çörəyimizi bəyənmişdilər. İndi bunları qonaq çağırırlar. Bizim öz çörəyimizi orada təqdim etmək üçün. Qonaqlar ən çox təndir çörəyini, düşbərə, kabab və plovları çox bəyənilər".

 

Turistlər İçərişəhərdə rahatlıqla axtardıqları yeri tapa bilir. Belə ki, üzərində “Ask me” sözləri yazılmış köynəklərdə gəzən könüllülər onlara köməklik göstərirlər. Könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanaraq, İçərişəhərdə yerləşən tarixi abidələr, tədbir və festivallarla bağlı məlumat verir. Turistlər onlar üçün yaradılan şəraitlə yanaşı, qonaqpərvərliyimizə də heyran olduqlarını deyirlər:

 

"Salam. Mənim adım Vladodur. Slovakiyanın şərqindən gəlmişəm. Gürcüstana, oradan da Bakıya gəlmişəm. Azərbaycanda, Bakıda özümü çox yaxşı hiss edirəm. Çox gözəl şəhəriniz var. Biz Azərbaycan yeməklərini daddıq, kabab çox ləzzətli idi. Burada üç gün qalacağıq".

 

"İtaliyadan gəlmişik. Bakıda olmaqdan məmnunuq. Çox gözəl şəhərdir. Çox qonaqpərvər xalqsınız. Keçən il Qəbələdə olmuşuq".

 

İçərişəhərdə yeni məlumat lövhələri quraşdırılır. Əslində hələ quraşdırma işləri başa çatmayıb. Biz də hazırlıq işlərinin üstünə gəlib çıxmışıq. Burada Qarabağ, işğal altında olan torpaqlarımız haqqında geniş məlumatlar yer alıb.

 

Turistlər milli suvenirlərə də böyük maraq göstərirlər. Satıcılar deyir ki, kiçik xalçalar, əl işləmələri olan qablar əcnəbilər tərəfindən maraqla qarşılanır.

 

Satıcı Elxan Cəfərov: "Şəhərimizdə turistlər çoxdur. Gəlirlər, suvenirlər alırlar, milli əşyalarımıza maraq göstərirlər".

 

"20 il əvvəl yaşadığım Sankt Peterburq şəhərində bir azərbaycanlı ilə tanış oldum. O, bizi hər zaman Azərbaycana dəvət edirdi və bu il biz ailəmizlə Bakıya gəlmək qərarına gəldik. Sözün düzü, bu şəhərə valeh oldum. Bu cür gözəl arxitektura, evlər, prospektlər, küçələr - bütün bunlar müasirliyin və qədimiliyin vəhdətidir. Şəhərinizi çox sevirsiniz, tarixi məkanlarınız çox gözəldir".

 

"Biz gəzməyə təzəcə çıxmışıq. İlk dəfədir ki, Bakıdayıq. İçərişəhər çox möhtəşəmdir. Burada yaşayan insanları görmək çox xoşdur".

 

"Mən Rikardo, Portuqaliyadan gəlmişəm. Avropa Oyunları çox möhtəşəm idi. İnsanlar bizi çox xoş qarşılayırlar".

 

Qeyd edək ki, qoruq ərazisində turistlər üçün müxtəlif turlar təklif olunur. Bunun vasitəsilə də şəhərimizin qonaqları qoruq ərazisi ilə yaxından tanış olurlar.

 

Müəllif | Apa.Tv