Saymon Kleq: “Biz Olimpiya oyunlarını tәkrarlamırıq”
"İyunun 21-də Bakı Olimpiya stadionunda keçirilən atletika yarışına 22 mindən çox tamaşaçı gəlib".
APA TV-nin xəbərinə görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Ənənəvi mətbuat konfransı keçirən baş direktor son iki günün yekunları ilə bağlı məlumat verərək bildirib ki, dünən şose velosipedinə görə şəhərin mərkəzində yollar bağlı olduğundan, müəyyən çətinliklər yaranıb. Amma bu yarışlar nəticəsində İçərişəhərin gözəllikləri bütün dünyaya yayılıb: "Su idman növləri başa çatdı. Sambo üçün zal hazırdır. Dünәn ümumilikdә 48 mindən çox tamaşaçı olub. Bu da rekord saydır. Xüsusən də Bakı Kristal Zalında və Su İdmanı Arenasında çox azarkeş var idi. Bəzi məkanlarda tamaşaçılar üçün imkan yaratmışdıq. Bu gün 304 idmançı Bakını tərk edəcək. 1288 nəfər bu günlərdə Azərbaycanı tərk edəcək. Məşəl qoruyucularının fədakar işini qeyd etmək istəyirəm. Hamı yorulub. Amma məşəl qoruyucuları çox gözəl iş görürlər".
Nəqliyyat sistemində işlərin normal davam etdirildiyini deyən Saymon Kleq deyib ki, idmançıların 90 faizi vaxtlı-vaxtında öz məkanlarına çatıblar: "Yarışlar başlandığı gündən bu günə kimi 1100-dən çox idmançı medala sahib olub. Bu gün 40 minə yaxın tamaşaçı marağı gözləyirik. Bəzi yarışlar başa çatacaq. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq. Amma düşünmürük ki, bu, yarışlar üçün çətinlik törədəcək. Biz dəfələrlə qeyd etmişik ki, Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları tam yeni yarışdır”.
Baş direktor bildirib ki, gələcəkdə Avropa Oyunlarına yeni idman növlərinin salınması mümkündür: “Avropa Olimpiya Komitəsinə belə bir təklif vermək istərdim. Bəlkə də Avropa Oyunları gələcəkdə daha böyük olacaq və daha çox idman növləri salınacaq”.