ABŞ-da marixuana həvəskarları üçün düşərgə yaradılır
ABŞ-ın Kolorado ştatında marixuana həvəskarları üçün ilk dəfə xüsusi düşərgə təşkil olunacaq.
APA TV-nin "The Daily Mirror"a istinadən verdiyi məlumata görə, "Canna Camp" adlanan düşərgəyə gələnlər özləri ilə yalnız şəxsi istifadə miqdarında marixuana da gətirə bilərlər.
Düşərgədə onlar üçün çətənə bitkisindən yeməklərin hazırlanması dərsləri, həmin bitkilərin yarpaqları ilə masaj və xüsusi "kannabis-yoqa" seansları keçiriləcək. Bundan əlavə, marixuana həvəskarları özlərinin rəsm, musiqi və digər incəsənət növlərində bacarıqlarını nümayiş etdirəcəklər.
Tədbirin təşkilatçısı "Mary Jane Group" şirkətinin baş direktoru Coel Şnayder bildirib ki, düşərgədə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edilib. Marixuana həvəskarları öz vərdişləri ilə burada çox rahat şəkildə məşğul ola bilərlər.
Xatırladaq ki, Koloradoda 2013-cü ildə marixuananın yalnız tibbi nöqteyi-nəzərdən satışı və istifadəsinin leqallaşdırılması ilə bağlı referendum keçirilib və müsbət qarşılanıb.