İsmayıl İsmayılov: "Keçən il idmançılarımız 805 medal qazanıb"
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimə ötən gün bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini qatılıb.
Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini və idman sahəsində hegemon ölkə olduğunu deyən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını bildirib: "Dövlətimiz, ölkə prezidentimiz tərəfindən idmançılara göstərilən etimad özünü doğruldur. Keçən illə müqayisə edərək qeyd edim ki, idmançılarımız Olimpiya və qeyri-Olimpiya idman növlərindən 805 medal qazanıblar. Avropa Oyunlarından öncə yoxlama yarışları keçirildi və burada da bizim idmançılar yüksək nəticə göstərdilər".
Bədii gimnastika üzrə Birinci Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda öz uğurunu Azərbaycana həsr etdiyini bildirib: "Nailiyyətimdə məşqçilərin və Azərbaycan Gimnastika Federasiyasının rolu danılmazdır. Hamı - qohumlarım, dostlarım, federasiya rəhbərliyi məni bu uğur münasibətilə təbrik etdi. Məşqlərdə çox çalışırdım. Bunun bəhrəsini gördüm. Avropa Oyunlarında hər şey yüksək səviyyədə idi. Mənə dəstək olan hər kəsə minnətdaram. Bu uğura tək imza ata bilməzdim".
İdmançımız Olimpiadaya lisenziya qazanmaq üçün məşqlərini sürətləndirəcəyini deyib.
Sonda idmançılar MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.