4 samboçumuz finalda, 3 samboçu bürünc uğrunda mübarizə aparacaq

Avropa Oyunlarında sambo yarışlarına start verilib. APA TV-nin xəbərinə görə, səkkiz çəki dərəcəsində keçirilən yarışlara bu gün yekun vurulacaq.

 

Sambo yarışları idmançılarımız üçün uğurlu başlayıb. Kişi idmançılarımızdan 57 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Qasımov bütün görüşləri udaraq finala yüksəlib. Samboçumuzu qızıl medal uğrunda mübarizədə rusiyalı Aymerqen Atkunovla görüş gözləyir.

 

74 kiloqram çəki dərəcəsində mübarizə aparan Gəncə sambo məktəbinin yetirməsi Amil Qasımov da finala vəsiqə qazanıb. Gürcü və bolqar rəqiblərini böyük hesabla məğlub edən samboçumuz finalda Belarus idmançısı Stepan Popovla qarşılaşacaq.

 

90 kiloqramda mübarizə aparan samboçumuz Kənan Qasımov finala yüksələ bilməsə də, bürünc medal qazanmaq şansını saxlayır. 100 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Vasif Səfərbəyov da qızıl medal qazana bilər. Yarımfinalda Ukrayna təmsilçisi, milliyyətcə erməni olan  Razmik Tonoyanı məğlub edən Vasif finalda Artyom Osipenko (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qadın samboçularımızdan yalnız Fəridə Qurbanova üçün yarışlar uğursuz başlayıb. ¼ finalda moldovalı Yekaterina Sretu məğlub olan Fəridə yarışlara vaxtından əvvəl vida deyib. 52 kiloqramda mübarizə aparan Nəzakət Xəlilova isə finala çıxmağı bacarıb. Samboçumuz finalda Rusiya təmsilçisi Anna Xaritonova ilə qızıl medal uğrunda döyüşəcək. 60 və 68 kiloqram çəki dərəcələrində mübarizə aparan qadın samboçularımız Şəhanə Hüseynova və Nərminə Əlizadəni də bürünc medal uğrunda çətin görüşlər gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv