İndoneziya hökuməti Fransa vətəndaşını güllələyəcək

Cakarta inzibati məhkəməsi Fransa vətəndaşı Serj Atlauinin əfv edilməsi barədə müraciəti qəbul etməyib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, fransız qanunsuz narkotik qaçaqmalçılığı ilə məşğul olduğu üçün ən ağır cəzaya məhkum edilib.


Serj Atlaui 2005-ci ildə İndoneziyanın paytaxtı Cakartanın yaxınlığında polisin keçirdiyi reyd zamanı qaynaqçı işlədiyi laboratoriyada saxlanılıb. Fransız ilkin ifadəsində bildirib ki, çalışdığı kimya laboratoriyasında narkotik maddə olan ekstazinin hazırlanmasından xəbərsiz olub. Ölkənin Baş Prokurorluğu Atlauinin son apellyasiya şansının da nəticəsiz qaldığını bəyan edib.


Fransa vətəndaşı barəsində çıxarılan ölüm hökmünün nə vaxt icra ediləcəyi açıqlanmır. Onun vəkilləri isə başqa ədliyyə kanalları vasitəsilə müvəkkillərini xilas etmək niyyətindədirlər.

Xatırladaq ki, Serj Atlaui ilə bərabər daha yeddi əcnəbi də yaxalanıb. Onların hamısının barəsində ölüm hökmü çıxarılıb. Atlauidən başqa digər yeddi nəfər üzərində artıq qərar icra olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv