Amil Qasımov: “Etdiyi jestə görə Stepan Popova təşəkkür edirəm”

“Yarımfinalda zədələndim. Həmin görüşü ağır keçirdim. Həkimlər baxdılar, keyidici vurdular”. Bu fikirləri Avropa Oyunlarında gümüş mükafat qazanan Azərbaycan samboçusu Amil Qasımov deyib.

 

Qasımov bildirib ki, iki ay bundan əvvəl finalda görüşdüyü rəqibini 3:0 hesabı ilə məğlub edib: “Çalışdım ki, zədəmi rəqibim hiss etməsin. Amma o, ilk dəqiqədən bunu hiss etdi. Zədəli ayağımdan ağrıdıcı fənd götürdü. Çalışdım ki, dözüm. Həmin yer ağrıdığı üçün dözmək çətin oldu. Dünya kubokunda onu məğlub etmişdim. Mən Azərbaycan uğrunda vuruşurdum”.

 

İdmançımız Belarus təmsilçinin etdiyi jestə görə ona öz təşəkkürünü çatdırıb: “Sağ olsun. O da mənim vəziyyətimdə olsa, mən də onu çiynimə qaldırardım. Çünki bu idmandır”.

 

Qeyd edək ki, kişilərin yarışında 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasımov finalda Belarus təmsilçisi Stepan Popova məğlub olaraq, gümüş medal qazanıb.

 

Müəllif | Apa.Tv