İrəvanda polis etiraz aksiyasını dağıdıb, saxlanılanlar var
İrəvanda minlərlə insan Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.
İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağı təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.
Daha sonra İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə görüşub. A.Karapetyan aksiya iştirakçılarını ictimai asayişi pozmamağa, Baqramyan prospektini tərk edərək Opera teatrının qarşısındakı meydana keçməyə çağırıb. “Bu küçə qanuni yolla açılmalı, paytaxtda ictimai asayiş və təhlükəsizlik bərpa olunmalıdır”, - deyə A.Karapetyan bildirib.
Nümayişçilər öz növbəsində canlı efirdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdə israr ediblər. Səhər saatlarında isə polis İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Son məlumatlara görə, 15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanılanlar var.