Bakı-2015: Azərbaycanın medallarının sayı 39-a çatıb
I Avropa Oyunlarının XI günündə 13 dəst medalın sahibi müəyyənləşib. APA TV-nin məlumatına görə, iyunun 22-də hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb.
İlk 11 gündən sonra Azərbaycan 14 qızıl, 11 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Siyahının lideri olan Rusiya daha 10 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 87 mükafat olan rusiyalıların medallarından 45-i qızıl, 23-ü gümüş, 19-u bürüncdür. Almaniya isə 3-cü pillədəki yerini qoruyub.
Həmçinin daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Kipr atıcılıq yarışında gümüş medal əldə edib. Bununla kiprlilər 40-cı medalçı komanda olub.
Qeyd edək ki, Bakı-2015-in ilk 11 günündə ümumilikdə 154 qızıl, 154 gümüş, 194 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.