Polis olmaq üçün imtahan verəcəklər

TQDK sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. APA TV-nin xəbərinə görə, Tələbə TQDK-nın şöbə müdiri Natiq Əliyev deyib ki, sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə imtahan verib. Namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar. Bundan başqa, TQDK Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanı keçirəcək. Natiq Əliyev bildirdi ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizəsini təsdiq etdirib. Onun sözlərinə görə, birinci imtahan mərhələsi sentyabrın 9-da, ikinci mərhələnin imtahanı sentyabrın 10-da olacaq: “Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq.”

 

Həmçinin bu il Azərbaycanda ilk dəfə olaraq tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq. Natiq Əliyevin sözlərinə görə, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə təxminən 1000-ə yaxın boş plan yeri qalıb. Şöbə müdiri əlavə edib ki, ümumi təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin də boş qalan plan yerlərinə əlavə qəbul aparıla bilər. 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova