İran şahının eşq elan etdiyi, faciəvi şəkildə ölən şahzadə qadının sərgisi - REPORTAJ
O, 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlmişdi. Nüfuzlu ailənin övladı idi. O, elə qadınlardan idi ki, baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə bilərdi. Onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı. Söhbət kübar və zərif qadın olan Qreys Kellidən gedir. Heydər Əliyev Mərkəzi şahzadənin həyatından bəhs edən sərgini Bakıda ilk dəfə qonaqlara təqdim edir.
Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kellinin həyat hekayəsini nəql edən "Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisi ilk dəfə 2007-ci ildə Monakoda, daha sonra Roma, Moskva, Paris, Astana kimi iri şəhərlərdə açılıb. Hazırda isə Azərbaycanda açılan bu sərgidə Qreys Kelliyə aid 200-dən çox eksponat nümayiş olunur.
Aktrisa olmaq arzusu ilə Qreys 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. O, aktrisa əsasən müxtəlif reklamlara çəkilirdi. Cəmi 11 filmdə çəkilən Qreys “Oskar”, “Qızıl Qlobus” mükafatlarını almağa da nail olur. Amerikalı gözələ hər kəs aşiq idi. Aktrisanın iki dəfə evli olub boşanmış Klaudius Şarl Filiplə münasibətləri atasının narazılığı ucbatından baş tutmur. Növbəti namizəd İran şahı Rza Pəhləvi idi. Yaraşıqlı şah Qreysin zərifliyinə, gözəlliyinə məftun olmuşdu. Şah aktrisaya evlilik təklif edir, lakin Qreys imtina edir. 1955-ci ildə Qreys ağ atlı şahzadəsini tapır, elə özü də şahzadə olur.
1955-ci ildə Kann Film festivalında iştirak etmək üçün Fransaya gələn Qreys Kellinin həyatının axarı tamamilə dəyişdi. Monako şahzadəsi III Renye ilə tanışlığı bir ildən sora onların evlənməsi ilə nəticələndi. Bu, həm də Qreysin film karyerasına son qoydu.
Onun gəlinliyi 36 dərzi tərəfindən 6 həftəyə tikilib. Dünyanın ən bahalı gəlinlikləri arasında 5-ci yerdə dayanan bu gəlinlik 125 il yaşı olan ipəkdən hazırlanıb. Gəlinliyin orijinalı onun doğulduğu Filadelfiyada saxlanılır. Sərgidə onun Renye ilə ilk tanışlığı zamanı geyindiyi geyim, toy aksesuarları, Renyenin ona yazdığı sevgi məktubları və hər birinin maraqlı tarixçəsi olan eksponatlar yer alıb.
Aktrisalıq karyerasına son qoyduqdan sonra Qreys Kelli xeyriyyə tədbirlərinin təşkili ilə məşğul olur. 1981-ci ildə təşkil edilən xeyriyyə aksiyasına qatılan Kelli mərasimə bu geyimdə getmişdi. Orada o, şahzadə Diana ilə görüşür. Bu şahzadələrin taleyində çox oxşarlıq var. Onların hər ikisi yol qəzasında həlak olublar.
1982-ci il 13 sentyabr tarixində aktrisanın qızı Stefaniya ilə içində olduğu maşın qəzaya uğrayır. Aşırımlı yolda avtomobili idarə edən Kelli insult keçirir və avtomobil uçuruma yuvarlanır. Stefaniya qəzadan qurtula bilsə də, Kelli hospitalda vəfat edir.
Onun geyim tərzi, əlcəkləri, çantaları, stilini tamamlamaq üçün istifadə etdiyi bütün aksesuarları bu gün də ilham mənbəyi hesab olunur. Onlardan biri də Kellinin çantasıdır. Yaradılmasından 60 il sonra Qreysin adını daşıyan bu çantadan Kelli hamiləliyini fotoqraflardan gizlətmək üçün istifadə etmişdi. Sonradan isə bu çanta onun simasına çevrildi.
Bir çox aksesuarlar - yaylıqlar, ağ əlcəklər, iri qara eynəklər, mirvaridən olan bəzək əşyaları var ki, məhz Qreys Kellinin üslubunu xarakterizə edir. Heydər Əliyev Mərkəzindəki sərgidə şahzadənin bu sevimli aksesuarları da nümayiş olunur.
Mərkəzin əməkdaşı Zafiq Xəlilov: "Heydər Əliyev Mərkəzi dünyada möhtəşəm, böyük auditoriya tutumu olan sərgilərin Azərbaycana gətirilməsində mühüm rol oynayır. Qreys Kelli sərgisinin Azərbaycanda təşkil olunması dünya mədəniyyətinin Azərbaycanda tanıdılması üçün mühüm layihələrdən biri hesab olunur".
Ziyarətçi Esmira Əsgərova: "Çox gözəl sərgidir. Burada çox gözəl paltarlar nümayiş olunur. Mənim diqqətimi isə Qrey Kellinin gəlinlik paltarı çəkdi. Çox bəyəndim. Şadam ki, bu sərgi Azərbaycana gətirilib. Bütün dəb həvəskarlarına tövsiyə edirəm ki, sərgiyə baxsınlar".
Bu sərgi həm də özlüyündə bir tarixi dönəmi əks etdirir. Hər bir eksponatın hazırlanmasından başlayan bir tarixçəsi var. Ziyarətçilər burda bir mədəniyyət, zövq təcəssümü ilə yanaşı, XX əsrin müəyyən bir dönəmini yaşadan tarixə səyahət də edə biləcəklər.
Sərgidəki eksponatların qorunması üçün isə Mərkəzdə 40-dan çox mühafizəçi ayrılıb, zalda xüsusi havalandırma sistemi quraşdırılıb.
Bu avtomobil Qreys Kellinin sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycanda nümayiş olunur. Qreys Kelli bu avtomobildən əsasən uşaqları gəzintiyə çıxararkən istifadə edirdi. Uşaqlar bu avtomobili məzəli görünüşünə görə çox bəyənirdilər.
Qeyd edək ki, sərginin açılış mərasiminə Monako knyazı Kellinin oğlu II Albert də iştirak edib. Sərgi noyabrın 1-dək davam edəcək.