BMT İsraili və "HƏMAS"ı hərbi cinayətlərdə ittiham etdi

BMT İsrail hökumətini və "HƏMAS" qruplaşmasını hərbi cinayətlərdə ittiham edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə qurumun xüsusi komissiyası özünün illik hesabatında bildirib.

 

Komissiyanın rəhbəri Meri MakQouen-Devis 2014-cü ildə Qəzzadakı hadisələrdə məhz bu cür hallara yol verildiyini qeyd edib: "Söhbət İsrail tərəfinin dinc sakinlər yaşayan binalara raket zərbələri endirməsindən gedir. İnsanlar gecə öz evlərində yatarkən həmin zərbələr bir neçə ailənin tamamilə məhv olmasına səbəb olub. Həmin zərbələr bəzən insanların ayinlər yerinə yetirdiyi dini obyektlərə də tuşlanıb. Ən acınacaqlısı odur ki, hadisələr zamanı 550 uşaq həyatını itirib".

 

BMT rəsmisi Fələstin tərəfinin də İsrailin ərazilərinə raket zərbələri endirdiyini vurğulayıb.

 

Xatırladaq ki, komissiyanın işi qalmaqallarla müşayiət edilib. Qurumun keçmiş rəhbəri Uilyam Şeybas bir müddət öncə Fələstin administrasiyası ilə əməkdaşlıq etdiyi ittihamlarına görə vəzifəsindən istefa verib. Şeybasın bir neçə il öncə Fələstin hakimiyyətinin hüquq məsləhətçisi kimi fəaliyyət göstərdiyi də məlumdur.

Müəllif | Apa.Tv
Apa.tv