FİFA rəsmisi: "Çimərlik futbolu üzrə ən yaxşı heyətlərimizi Azərbaycana gətirmişik"
“Dünən 7 idman növü üzrə yarış başa çatıb. 19 mindən çox tamaşaçı gimnastikanın müxtəlif növlərində iştirak edib”.
APA TV-nin xəbərinə görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Saymon Kleq dünənin yekunları və bu günün planları ilə bağlı məlumat verib: “7 müxtəlif məkanda təxminən orta tamaşaçı iştirakı 81 faiz olub. Əlavə 12 min bilet satmışdıq. 1600-ə yaxın idmançı və rəsmi nümayəndə artıq Azərbaycanı tərk edib. Bu gün 3 idman növü üzrə finallar keçiriləcək. Tədricən Tofiq Bəhramov adına Respublika stadionunun ənənəvi formasına qayıtmasını təmin edirik”.
FİFA-nın Çimərlik Futbolu Federasiyasının əməliyyatlar üzrə baş direktoru Joan Kusko isə deyib ki, Avropa Oyunları çimərlik futbolu üçün tarixi anlardır. FİFA rəsmisi açılış mərasimində iştiraka görə məmnun olduğunu bildirib: “Ən yaxşı heyətlərimizi Azərbaycana gətirmişik. Gözəl oyunların şahidi olacaqsınız. Biletlər tam satılıb. İndiyədək gördüyümüz ən yaxşı stadion Azərbaycandakıdır. İstəyirik yeni azarkeşlər, yeni idmançılar qazanaq, televiziya tərəfindən bu idman növü daha geniş təbliğ olunsun. Sabahdan oyunlara başlayırıq. İdmançılarımızın füsunkar bacarıqlarını sizə nümayiş etdirəcəyik”.
Joan Kusko qeyd edib ki, Avropa Oyunlarında çimərlik futbolunun keçiriləcəyi meydan ideal vəziyyətdədir: “Biz 1994-cü ildə dünyaya gəlmişik. 2004-cü ildən rəsmi idman növü sayılmışıq. Avropa Oyunlarına qatılmaq bizim üçün bir şansdır. Olimpiya Oyunlarına yaxınlaşmaq üçün yaxşı imkanımız olacaq. Hazırda Azərbaycana gələn heyətlər Avropanın ən güclü komandalarıdır. Məkan fantastikdir. Gətirilən qum idmançıların bacarıqlarını göstərmələri üçün əlverişlidir. İstəyirik idmançılar rahat qaçsın, bir sözlə, uçsunlar. Çünki dünya səviyyəli məkanda oynayacaqlar. Oyunlardan sonra bu, bizim idman növü üçün bir miras olacaq. İstərdik həmin stadionda daim yarışlar keçirilsin”.
Çimərlik futbolu üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov isə deyib ki, hazırlıqlar başa çatır: "Əsas hədəfimiz 3 yerdən birinə sahib olmaqdır. Çimərlik futbolunun Oyunlara salınması sevindirici haldır. Tarixə düşmüşük. 7 komanda ilə mübarizə aparmaq çətin olsa da, əlimizdən gələni etməyə çalışacağıq. Həmin 7 komanda A divizionunun komandasıdır. Biz isə B divizionundayıq".