Bakıda keçiriləcək konfransa hazırlıq gedir

"Ermənilər arxayın ola bilər ki, gələcəkdə münaqişə həll edildikdən sonra onlar daim bərabərhüquqlu vətəndaşlarımız olacaqlar". Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Ali səviyyədə görüş” adlı forum çərçivəsindəki qapalı görüşlərdə münaqişələrlə bağlı müzakirələrdən danışarkən dedi.


Onun sözlərinə görə, həm görüşlərdə həm də dəfələrlə Azərbaycan Dağlıq Qarabağa ən yüksək səviyyədə muxtariyyət verməyə hazırdır: “Əlbəttə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. İşğal olunmuş torpaqlarımız geri qaytarılmalıdır. Bu da mübahisə nöqtəsi deyil.”
"Ali səviyyədə görüş” adlı beynəlxalq tədbirin yekunları ilə bağlı mətbuat konfransında çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa bildirdi ki, 2 gün ərzində keçirilən görüşlərdə 2014-cü ilin aprelində Bakıda keçiriləcək "Müştərək cəmiyyətlər" konfransının əsas müzakirə mövzuları irəli sürülüb. Onun sözlərinə görə, Azərbaycanda olduqları müddətdə müzakirə olunan qadın, dini azlıqlar, münaqişələr konfransda da geniş müzakirə ediləcək. Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin isə Azərbaycanın dünyada artan rolundan danışdı və bildirdi ki, bu kimi konfranslar Nizami Gəncəvinin əsərlərinin, fikirlərinin dünyaya yayılmasına təkan verir. Onun fikrincə, 2014-cü ildə keçiriləcək konfrans Azərbaycan və Cənubi Qafqaza faydalı olacaq.
 

Müəllif | Apa.Tv