Yanukoviç: "Putin məni ölümdən xilas etdi"

"Krımın Rusiyaya birləşdirilməsi faciədir. Hətta bu, mənim prezidentliyim dövründə baş versəydi belə, mən yenə eyni fikirdə qalacaq idim".

 

APA TV-nin "RBK"ya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə gözlənilmədən Ukraynanın eks-prezidenti Viktor Yanukoviç BBC-yə müsahibəsində çıxış edib.

 

Yanukoviç Ukraynada hadisələr başlayandan sonra ilk dəfə Qərb mətbuatına danışıb və ən maraqlısı odur ki, o, hazırda Rusiyadadır. "Orda baş verənlərin nəticəsi çox ağırdır və bu problemi həll etmək üçün çıxış yolu tapılmalıdır. İndi müharibə gedir. Ukraynanın indiki hakimiyyəti Krımı geri qaytarmaq istəyir. Lakin düşünmürlər, necə? Müharibə yolu ilə?" - deyə o, sual verib. Bu yolla heç bir uğur əldə olunmayacağını qeyd edən keçmiş ölkə başçısı məsələyə münasibətdə Krım əhalisinin fikrinin də şərt olduğunu vurğulayıb: "Referendum keçirilən zaman yarımada əhalisinin 90 faizi Ukraynadan ayrılmağı üstün tutdu. Bunun əsas səbəbi isə Maydan hərəkatını təşkil edənlərin milliyyətçi mövqeləri idi. Krım əhalisini məhz bu mövqe qorxutdu".

 

Viktor Yanukoviç Donbasda baş verən hadisələri soyqırımı adlandırıb. O deyib ki, həmin siyasət məhz Donbas əhalisinə qarşı aparılır. "Əgər indiki iqtidar Donbasın da Krımın taleyini yaşamağını istəmirsə, onda danışıqlar masasına oturmalı və bunun baş verməməsi üçün əlindən gələni əsirgəməməlidir". Eks-prezident 2014-cü ilin fevralında Maydanda aksiya keçirən insanların ölümündə özünü qismən təqsirli hesab etdiyini bildirib. Amma eyni zamanda qeyd edib ki, o, nümayişçilərə atəş açılması barədə göstəriş verməyib. Yanukoviç baş verənlərdə daha çox indiki hakimiyyəti qınayıb və deyib ki, ukraynalılar artıq bunu anlamağa başlayıblar.

 

Viktor Yanukoviç müsahibəsində deyib ki, Rusiya prezidenti 2014-cü ilin 23 fevralında onun həyatını xilas edib. "Məhz onun köməkliyi ilə mən ölümdən xilas oldum. Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə mühafizəm məni təhlükədən qurtardı. Mən buna görə Vladimir Putinə minnətdaram" - deyə o, sonda qeyd edib. Ukraynanın keçmiş prezidenti hazırda Rostovda olduğunu, amma onu izləyən təhlükələr səbəbindən bəzən yerini dəyişdiyini də əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv