MOK gümüş medal qazanan samboçularımızı mükafatlandırdı

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, həmçinin Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurovun iştirak etdiyi görüşə yarışın XI günündə medal qazanan idmançılar qatılıb.

 

MOK rəsmiləri sambo yarışlarında gümüş mükafat qazanan İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100) və Nəzakət Xəlilovanı (52 kq) mükafatlandırıblar.

 

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə bildirib ki, sambo Olimpiya idman növü sayılmır. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin səyi nəticəsində sambo Avropa Oyunları proqramına daxil edilib. İdmançılarımız da yaxşı nəticələr əldə ediblər. Oyunların sonuna cəmi 5 gün vaxt qalıb. İnanıram ki, qalan günlərdə də medallarımızın sayı artacaq.

 

MOK-un vitse-prezidenti Beynəlxalq Olimpiya Gününü xüsusi qeyd etməyəcəklərini də əlavə edib: “Bildiyiniz kimi, bu gün Beynəlxalq Olimpiya Günüdür. Biz adətən bu günü ayrıca qeyd edirdik, müxtəlif tədbirlər, marafonlar keçirirdik. Ancaq bu dəfə ölkəmizdə Avropa Oyunları keçirildiyindən, Beynəlxalq Olimpiya Gününü ayrıca qeyd etməyə lüzum qalmadı. Şadıq ki, Avropanın müxtəlif ölkələrinin idmançıları da bu günü bizimlə birlikdə qeyd edir”.

 

Sonda xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova