Moskvada azərbaycanlılardan ibarət dəstə yaxalandı

Rusiya paytaxtında adam oğurluğu və quldurluqla məşğul olan azərbaycanlılardan ibarət dəstə yaxalanıb.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın şimal hissəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 3 nəfər azərbaycanlı, bir Moskva və bir Həştərxan sakini saxlanılıb.

 

İyunun 19-da Moskvanın Aeroport rayonunda yaşayan 62 yaşlı təqaüdçü ərizə ilə polisə şikayət edib. Təqaüdçü ərizəsində həmin gün iki nəfər naməlum şəxsin “Polejaevskaya” metrosunun yaxınlığında onun 37 yaşlı oğlunu zorla avtomobilə mindirərək bir mənzilə apardıqlarını və hədə-qorxu nəticəsində 700 min rus rublunun əlindən alındığını bildirib.

 

Hüquq-mühafizə orqanları cinayətin zərərçəkənin tanışları tərəfindən planlaşdırıldığını müəyyən ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində 26-37 yaş arasında olan üç azərbaycanlı, 40 yaşlı Moskva sakini və bir Həştərxan sakini saxlanılıb.

 

Moskva Baş Polis İdarəsindən bildirilib ki, məlum cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları - 1989-cu il təvəllüdlü Süleymanov Z.A., 1974-cü il təvəllüdlü Orduxanov İ.Z, 1985-ci il təvəllüdlü Tahirov R.A, Moskva sakini, 1974-cü il təvəllüdlü Bejin R.R, Həştərxan sakini, 1984-cü il təvəllüdlü Maqaşərifov S.N. barəsində artıq həbs qəti-imkan tədbiri seçilib.

 

Hüquq-mühafizə orqanlarından cinayətin bəzi detalları barədə də məlumat verilib. Hadisədə zərərçəkmiş kimi tanınan şəxslə bir müddət əvvəl qadın rəfiqəsi arasında mübahisə yaşanıb. Nəticədə o, sevgilisi olduğu qadına ağır xəsarət yetirib. Həmin qadın ondan sağlamlığına dəyən maddi və mənəvi ziyana görə 700 min rubl pul tələb edib. İstədiyi pulu ala bilməyən qadın azərbaycanlılardan ibarət dəstəyə müraciət edib. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv