Türkiyə parlamentinin yeni üzvləri and içdilər
Türkiyə Böyük Millət Məclisində yeni çağırışın ilk iclası keçirilib. İlk iclasa parlamentin ən qocaman deputatı Dəniz Baykal sədrlik edib. Sədr müavini kürsüsündə isə parlamentin iki ən gənc deputatı əyləşib.
Deputatların and içdiyi ilk toplantını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da izləyib.
Dəniz Baykal parlamentdə yer qazanan siyasi partiyalara müraciət edib, onları Türkiyənin gələcəyi naminə uzlaşma yolunu tutmağa çağırıb.
Daha sonra deputatların andiçmə mərasimi başlayıb. Əvvəlcə Dəniz Baykal, daha sonra digər millət vəkilləri tribunaya qalxaraq, and içiblər.
Parlamentdə təmsil olunan partiyaların liderləri - Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu, Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da and içiblər.