İrəvanda aksiyalar davam edir, polislə aksiya iştirakçıları arasında toqquşmalar olub

İrəvanda oturaq etiraz aksiyası davam edir. APA TV-nin məlumatına görə, elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya iştirakçıları  Prezident Sarayına doğru yürüş ediblər. Lakin İrəvanın mərkəzi Baqramyan prospektində onların qarşısını polis əməkdaşları polis əməkdaşları kəsib.

 

Əsas prospekti bağlayan aksiya iştirakçıları yolun hərəkət hissəsində barrikadalar qurmağa başlayıblar.

 

İrəvan polisinin nümayişçilərlə danışıq aparmaq cəhdləri isə boşa çıxıb. Aksiya iştirakçılarına təklif edilib ki, 5 nümayəndə prezident Serj Sərkisyanla görüşə getsin. Təşkilatçılar təklifi ümumi müzakirəyə çıxarıblar və Serj Sərkisyana rədd cavabı verilib. Koordinasiya qrupu prezidentlə görüşdən imtina etdiklərini bildirib və Serj Sərkisyana canlı yayımda elektrik enerjisi tariflərinin artırılması barədə qərarın qüvvədən düşməsini elan etməyi təklif edib.  

 

Bundan sonra etirazçılar polislə öz arasında zibil qutularından sədd yaradaraq, onları döyəcləməyə başlayıblar.

 

Sərkisyan hakimiyyətinə qarşı xalq üsyanına çevrilməyə başlayan aksiyada iştirak edənlərin sayı da xeyli artıb. Vəziyyəti nəzərə alan hakimiyyət İrəvanın mərkəzinə əlavə polis qüvvələri cəlb edib. Polis əməkdaşlarının əllərində dəyənək və alüminium qalxanlar olub.

 

Aksiyanın keçirildiyi ərazidə küçə işıqları söndürülüb. Aksiyaya bir qrup müxalifətçi deputat da qatılıb. Hökumət tərəfdən isə təhsil naziri Armen Aşotyan nümayişçilərin yanına gəlib. Bir neçə deputat, mədəniyyət və şou-biznes nümayəndələri polis və etirazçılar arasında “canlı sədd” yaradıb.  

 

Səhər saatlarında polisin yenə zorakılıq edə biləcəyini nəzərə alan aksiya iştirakçıları barrikadaları daha da gücləndiriblər.

 

Xatırladaq ki, ötən səhər polis xüsusi texnikadan da istifadə etməklə etiraz aksiyasını dağıdıb. Təxminən 240 nəfər, o cümlədən, jurnalistlər saxlanılıb, 25 adam xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv