Paytaxt problemlərindən biri müzakirə olundu


"Son zamanlar güclü yağışların yağması şəhərin müxtəlif ərazilərində kanalizasiya xətlərinin su ötürücülük qabiliyyətinin istənilən səviyyədə olmadığını göstərir, bu da öz növbəsində yollarda tıxacların yaranmasına və sakinlərin ciddi narazılığına səbəb olur". Bu fikirlər Bakı şəhərində yağış sularının idarə olunması problemlərinə aid həsr olunan konfransda səsləndirildi. APA TV-nin məlumatına görə, FHN-nin təşkilatçılığı ilə “Azərsu”da keçirilən elmi praktik konfransda çıxış edən nazirliyin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev bildirib ki, Bakı şəhərində baş verəcək fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlərin koordinasiyasını aparan qurum kimi bu mövzu FHN Bakı Regional Mərkəzinin daim diqqət mərkəzindədir. Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi Vaqif Teymurov yağış sularının yaratdığı fəsadlardan danışıb: “2012-ci ildə Bakı şəhəri istisna olmaqla, 102 zəng xidmətinə 679 müraciət olub. Bakı şəhəri üzrə isə 234 dəfə müraciət edilib.”


Qeyd olunub ki, problemlərin yaranmasına səbəb mövcud yağış kanalizasiya şəbəkələrinin işinin qənaətbəxş olmamasıdır: “Birincisi yağış kanalizasiya şəbəkələrinin tam əhatə etməməsi, mövcud yağış kanalizasiya şəbəkələrinin işinin qənaətbəxş olmamağı ,birdə ki, ərazisinin şəraitə təsiridir.”
 

Problemin çıxış yolu kimi yağış kanalizasiya şəbəkələrinin müasir tələblərə cavab verən qurğuların inşası hesabına genişləndirilməsi və bununla da kanalizasiya şöbəsinin suötürücülüyünün artırılması təklif olundu. Həmçinin, xüsusi qurğuların yaradılması ilə yağış sularının toplanması və sonradan emal olunaraq şəhər təsərrüfatında istifadə olunması təklifləri də səsləndi.

 

 

Müəllif | Apa.Tv