Saymon Kleq: "Avropa Oyunlarının bağlanış mərasiminə hazırlıqlar başlayıb"
“Dünən 12 yarışı 17 716 tamaşaçı izləyib. Orta hesabla 84 faiz insan Oyunları izləyib. 8 məkanda keçidlər tamamlanıb. Bu da bəzi yarışların başa çatması ilə əlaqədardır".
APA TV-nin xəbərinə görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Baş direktor ötən gün keçirilən yarışların yekunları barədə məlumat verib: "3x3 basketbol oyunlarını izlədim, möhtəşəm idi. Olimpiya stadionunda artıq bağlanış mərasiminə hazırlıqlar başlayıb. Dünən 1500 idmançı və rəsmi ölkəni tərk edib. Həmçinin əlavə 5000 bilet satılıb. Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək ki, ikisində medallar təqdim olunacaq. Bu gün 22 mindən, sabah 30 mindən çox tamaşaçı gözləyirik. Çünki sabah cüdo yarışları start götürəcək”.
Baş direktor qeyd edib ki, Azərbaycanı tərk edən bütün idmançılara xatirə hədiyyəsi olaraq medal təqdim edib. Bu medalın onlar üçün çox dəyərli hədiyyə olduğunu deyən Saymon Kleq hesab edir ki, onların apardığı ən böyük xatirə ilk Avropa Oyunlarında iştirak və Azərbaycan haqqında təəssüratlardır.
O, medianın Oyunları işıqlandırmasından razı qaldığını söyləyib: “1288 media qeydiyyatdan keçib. Bu da yüksək göstəricidir. Unutmayaq ki, bu ilkdir. Yəni hələ ənənə halını almayıb. Mətbuatın dəstəyi Oyunlara marağı daha da artırır. Azərbaycanın gözəl təsvirləri dünya ilə bölüşdürülür. Yayım səviyyəsi gözlədiyimizdən də artıqdır”.
Saymon Kleq bəzi xarici mətbuatın qərəzli yanaşmasına da münasibət bildirərək deyib ki, idman yarışlarının keyfiyyətini heç kim sual altında qoya bilməz. Dünya səviyyəli yarışın keçirilməsi üçün hamının əlindən gələni etdiyini deyən baş direktor bildirib ki, yarışların təşkilindən Avropa Olimpiya Komitəsi həddən artıq məmnundur.