"Altılıq" ölkələri İranla nüvə sazişi imzalayacaqlarını təsdiqlədi
Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadan olan diplomatlar İranla nüvə proqramı barədə sazişi imzalayacaqlarını təsdiqləyiblər.
APA TV-nin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə açıqlama rəsmi Tehranla aparılan danışıqların nəticəsi olaraq BMT TŞ-nın Almaniya daxil olmaqla daimi üzvü olan "altılıq" ölkələrinin Ümumdünya Təhlükəsizlik Şurasının iclasında verilib.
Onlar İranın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə edəcəyi təqdirdə, bu sazişin imzalanmasının vacibliyini bildirib və yalnız bu halda ölkəyə tətbiq olunan sanksiyaların dayandırılacağını vurğulayıblar. "Bu barədə razılığa gəlinməsində hamı maraqlıdır. Beynəlxalq birlik İranın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə edəcəyindən arxayın olacaq və biz bu sazişə minnətdar olacağıq. İran üçün də bu razılaşma xeyirlidir. Tehrana qoyulan qadağalar ləğv olunacaq" - deyə Birləşmiş Krallığın BMT TŞ-dəki daimi nümayəndəsi Mettyu Raykroft bildirib. Onun sözlərinə görə, bu, İranın iqtisadiyyatına da müsbət təsir göstərəcək. Həmçinin bu sazişin imzalanması beynəlxalq birlik arasında münasibətlərin yaxşı mənada yenidən qurulmasına real imkanlar yaradacaq.
Diplomat əlavə edib ki, bu sazişdən sonra əsas məsuliyyət İranın üzərinə düşəcək. "Əgər Tehran razılaşmaya əməl etməsə və şərtləri pozsa, o zaman İran xalqı və ölkə iqtisadiyyatı dünyada gedən inkişafdan təcrid olunacaq. Bu, həm də İranın regiondakı nüfuzuna xələl gətirəcək. Amma biz bunun baş verməyəcəyinə əminik" - deyə Britaniya təmsilçisi qeyd edib.