İpoteka şərtləri təkmilləşdirilir
Azərbaycanda ipotekanın təkmilləşdirilməsi strategiyası hazırlanaraq hökumətə təqdim edilib. APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, proqramın əsas məqamlarından biri ipotekanın, o cümlədən sosial ipotekanın sadələşdirilməsidir: “Burada söhbət tək faiz dərəcələrindən və ya müddətlərdən yox, həm də ipotekanın yeni modelinin tətbiq edilməsindən gedir. Bu model əhalinin yığımları hesabına ipotekaya çıxışların təmin edilməsini, ekonom sinifli evlərin tikintisini və ipoteka üsulu ilə satılmasını nəzərdə tutur.”
Elman Rüstəmov deyib ki, hazırda Mərkəzi Bank kommersiya bankları ilə istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə danışıqlar və işlər aparır.
Kreditlər üzrə faiz dərəcələrinə gəlincə, Mərkəzi Bankın sədri bildirib ki, ölkəmizdə biznes kreditləri üzrə orta faiz dərəcəsi təxminən 14% təşkil edir ki, bu da digər ölkələrlə müqayisəli səviyyədədi: “İstehlak kreditlərinin dərəcələri də qonşu ölkələrlə müqayisədə yüksək hesab oluna bilməz. Lakin hər halda, istehlak kreditlərinin ucuzlaşması Mərkəzi Bank tərəfindən lazımı hesab edilir.”
Azərbaycanda bankların yüksək qazanc əldə etməsi barədə fikirlərin yanlış olduğunu deyən Elman Rüstəmov deyib ki, bankların mənfəətinin orta səviyyəsi təxminən 3%-ə bərabərdir və bu da yüksək göstərici hesab oluna bilməz. Bank sədri hesab edir ki, hazırda məcmu bank sistemi üzrə aktivlərin 80%-ni əhatə edən banklar, nəzərdə tutulan 50 milyon manat tələbinə cavab verir. Qeyd edək ki, ölkədə bütün banklar bu ilin sonuna kimi məcmu kapitallarını 50 milyon manata çatdırmalıdır. Elman Rüstəmovun fikrincə, bankların bu tələbi yerinə yetirməsində problemlər olmayacaq.