Zemfira Meftahətdinova: "30 ildən sonra Olimpiya çempionu oldum"
Sidney Yay Olimpiya Oyunlarının qızıl medalçısı, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova Birinci Avropa Oyunlarında idmançılarımızın uğurlarını şərh edib.
APA TV-nin xəbərinə görə, Olimpiya çempionumuz bildirib ki, idmançılarımız belə davam edərsə, Braziliyada keçiriləcək Olimpiya oyunlarında da uğur qazana bilər.
Snayperlərimizin medaldan kənarda qalmaqlarına münasibət bildirən dünya çempionu bunun üçün xeyli vaxt lazım olduğunu deyib: "İdmanda yaxşı, pis olmur. İdman elə peşədir ki, dərhal nəticə əldə etmək olmur. Mən 30 ildən sonra Olimpiya çempionu oldum. Bizdə atıcılıq kompleksi yox idi. 2003-cü ildə bizim atıcılıq kompleksi tikildi. İndi də bizim gənc idmançılarımız var. Məşq də edirlər, yarışlara da gedirlər. Sadəcə, zaman lazımdır".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə bildirib ki, Avropa Oyunlarında boksçular və cüdoçulardan da medallar gözləyirlər: "Avropa Oyunlarında yüksək nəticə əldə edə bilməyən idmançılar əminəm ki, gələcək beynəlxalq yarışlarda uğur qazanacaqlar. Artıq bilirsiniz ki, ölkəmiz Rusiyadan sonra medalların əyyarına görə ikinci yerdədir. Boksçularımız çox uğurlu çıxış edirlər. 10 idmançımız həm yarımfinalda, həm də ikinci yer uğurunda mübarizə aparacaq. Cüdo idman növündə də uğur gözləyirik. Həmçinin voleybolçularımız uğurlu çıxış edirlər".
Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsində "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda KİVDF ilə birgə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Çıxış edənlər bildirib ki, Azərbaycanda bütün kütləvi informasiya vasitələri Avropa Oyunlarını yüksək səviyyədə işıqlandırmaq üçün səy göstərirlər. Sonda qaliblər mükafatlandırılıb.