CHP və MHP parlament sədrliyinə namizədlərini açıqladı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal olacaq.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün CHP lideri Kamal Kılıçdaroğlu və parlamentin ən yaşlı üzvü kimi Məclisə müvəqqəti sədrlik edən Dəniz Baykal arasında görüş keçirilib.
30 dəqiqə davam edən görüşdə K.Kılıçdaroğlu CHP-nin TBMM sədrliyinə öz keçmiş liderini namizəd göstərmək qərarına gəldiyini D.Baykala çatdırıb. Təklifi qəbul edən D.Baykal isə namizədlik üçün rəsmi müraciətindən sonra digər partiyalarla da görüşərək dəstək istəyəcəyini vurğulayıb.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) da Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədi bəlli olub. MHP bu vəzifəyə İstanbul millət vəkili, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu namizəd göstərib. Artıq E.İhsanoğlu namizədlik üçün rəsmən müraciət edib.
Hələlik Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi açıqlanmayıb, HDP (Halkların Demokrasi Partisi) isə Dengir Mir Mehmet Fıratın namizədliyini irəli sürüb.