Fəvvarələr meydanında "Street Athletics Baku 2015" atletika turniri keçirilir
Fəvvarələr meydanında "Street Athletics Baku 2015" adlı atletika turnirinə start verilib. APA TV-nin məlumatına görə, açılış mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakıda "Street Athletics" idman növü ilk dəfə nümayiş olunur. O, Bakıda keçirilən Avropa Oyunlarında ölkəmizə medal qazandıran idmançıları təbrik edib və uğurlar arzulayıb. Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu gün idmanı, idman zallarından çıxardaraq şəhərin mərkəzinə gətiriblər. Məqsəd isə bura toplaşan insanları atletika ilə yaxından tanış etmək və ölkəmizdə bu idman növünü daha da inkişaf etdirməkdir.
“Bu proqramdan əlavə olan yarışlardır. Bir növ göstəri üçün olan yarışlarıdır. Bura dünyanın ən güclü idmançıları gəlib və onlar insanların arasında öz məharətlərini göstərirlər. Mən əminəm ki, bu yarış Azərbaycanda atletika idmanının inkişafına böyük dəstək olacaq. Məqsəd odur ki, ancaq bizim insanlar üçün idman sevərlər üçün müvafiq şərait yaradılsın ki, onlar idmana həvəs göstərsinlər. İdmana gəlsinlər. Biz Azərbaycanda bütün idman növlərini inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq”.
İki gün davam edəcək turnirdə ilk olaraq şüvüllə tullanan 8 qadın və 9 kişi idmançı yarışıb. Sabah isə meydan hündürlüyə tullanan atletlərin ixtiyarına veriləcək. Şüvüllə tullananlar düzünə, sabah hündürlüyə tullanan idmançılar isə qövsvari tullanacaqlar. Təşkilatçılar həm şüvüllə, həm də hündürlüyə tullananlar üçün yarışmaq rahat olsun deyə bütün nüansları nəzərə alıblar.
Şüvüllə tullanan atletlərin yarışında almaniyalı dünya çempionu Rafael Holtsdeppe ilə yanaşı, polşalı Petr Lisek, rusiyalı Aleksandr Qripiç, britaniyalı Stiven Lyuis və çexiyalı Mixal Balner iştirak edəcəklər. Hündürlüyə tullanan idmançılar arasında isə məşhur ukraynalılar - Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov, Aleksey Dmitrik və çexiyalı Yaroslav Baba yer alıb.
Şəhərdə təşkil olunan bu maraqlı idman şousu şəhər sakinlərinin də marağına səbəb olub.
Qeyd edək ki, "Street Athletics Baku 2015" turnirinin idman direktoru ukraynalı sabiq atlet, 2000-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Qovorovadır.