Göygöldə yerləşən hərbi hissədə bayram konserti keçirilib
Göygöl rayonunda yerləşən hərbi hissədə 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə bayram konserti təşkil olunub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, düşmənlə təmas xəttinin Murov dağı istiqamətində döyüş növbəsi çəkən hərbi qulluqçular Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən hazırlanan musiqi proqramını böyük zövqlə qarşılayıb.
Xalq artisti Azərin və əməkdar artist İlqar Muradovun vətənpərvər mahnıları, şux və lirik musiqi nömrələri əsgərlərin gur alqışları ilə müşayiət olunub. “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin finalçılarının ifaları da şəxsi heyətdə ruh yüksəkliyi yaradıb. Əsgərlər mahnı sədaları altında rəqs ediblər. Daha sonra Gəncə Qarnizonu Zabitlər Evinin azyaşlılardan ibarət incəsənət kollektivləri rəqs nömrələri ilə çıxış edib. Kiçik rəqqasların çıxışları da hərbi qulluqçuların alqışları ilə müşayiət olunub.