Şirvan-Salyan magistral yolu əsaslı təmirinə başlanıb
Salyan. Əlibəy Zeynallı - APA. Şirvan-Salyan magistral yolu əsaslı təmir edilir.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, uzun müddət yararsız vəziyyətdə olan Şirvan-Salyan avtomobil magistralında təmir işlərinə start verilib.
Hazırda yonun bir hissəsi asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq vəziyyətinə gətirilir, digər hissəsində isə asfaltlama işləri aparılır. 69 saylı yol istismar idarəsi tərəfindən aparılan təmir işlərinə 20-yə yaxın müxtəlif təyinatlı texnika və 60-dan çox işçi qüvvəsi cəlb edilib.
Qeyd edək ki, uzunluğu 34 kilometr olan avtomobil yolu indiyə kimi əsaslı təmir edilmədiyindən bərbad hala düşüb. Ölkə başçısının sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq ayrılan 2 milyon manat vəsait hesabına yolun əsaslı təmir və tikintisinə başlanılıb, daha sonra isə 3 milyon manat ayrılıb. Tikintidə müəyyən fasilələr olsa da, son günlər işin sürəti daha da artıb.
Hazırlıq vəziyyətinə gətirilən yolun 5 kilometr hissəsinin 2 kilometrində asfaltlama işləri aparılıb. Ümumilikdə eni 13 metr olan avtomobil yolunun 9 metrinə asfalt örtüyü döşənir. Asfalt örtüyünün qalınlığı isə 25 santimetr olacaq. Yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisi bu yoldan istifadə edəcək.