Bu gün “Lent.az”ın ad günüdür - 7 YAŞ

Bu gün Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür. www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

 

Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan xəbər portalı sayılan Lent.az gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

 

Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu deyir ki, fəaliyyətdə olduqları hər gün oxucuya xidmət salnaməsidir: "İnsan üçün zaman anlayışı sərti amildir. Hansı gücün sahibi olursansa ol, qalib gələ bilməyəcəyin yeganə amil zamandır. Şəxsən mən  özüm,  Lent.az-da fəaliyyəti olmuş hər kəs, dostlarımız, kollektivimiz və Vüsalə xanım başda olmaqla bu yeddi ili boşuna keçirmədik. Bu zamana qarşı dayanmadıq. Zamandan daha faydalı istifadə etmək üçün əlimizdən gələni etdik. Oxucuların bugünkü münasibəti baxımından da bu yeddi ilin boşuna keçirmədiyinə bir daha əmin oldum".

 

Hazırda Lent.az Azərbaycanda ana dilimizdə ən böyük xəbər portallarından biridir. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

 

Yeddi yaşlı Lent.az-ın redaktoru Kəmalə Quliyeva deyir ki, onlar kiçik və mehriban kollektivləri ilə regionun tanınan media qurumlarından biri olmağı bacarıblar: "Kollektivimiz çox mehribandır. Həmkarlarıma həmişə belə mehriban qalmağı arzulayıram və bir də uğurlarımız bol olsun deyirəm özümüzə. 7, 17, 27 - beləcə onlar davam eləsin!"

 

Saytda ölkənin və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

 

Həmkarım Ləman Mustafaqızı  da Lent.az-a gəldiyi günü fərəhlə xatırlayır: "Hər dəfə Lent.az-ın ad günü olanda ilk bura gəldiyim günü xatırlayıram. Lent.az-ın 5 yaşında gəlmişəm bu kollektivə, yeni əməkdaş idim, həyəcanlı idim. Onda kollektivimizdə tək qız mən idim. İndi qızlarımızın sayı daha çoxdur. Gözəldir burda işləmək. Günümüzün çoxunu burda oluruq. Hər gün elə bilirəm evimə gəlirəm".

 

APA TV həmkarlarını 7 yaş münasibətilə təbrik edir və uğurlarının davamını diləyir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı