Mədəniyyət və Turizm naziri bölgədə şikayətləri dinlədi
Sentyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabadda Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin məsul işçilərinin də qatıldıqları qəbulda 40-a yaxın vətəndaş müxtəlif xahiş və təkliflərlə müraciət edib.
Müraciətlər yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni filialların açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-diyarşünaslıq muzeylərinin yenidən qurulması, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.