Tayfur Əliyev: "Rus rəqibim məni zəif yerimdən vurdu"
"Mən daha çox döyüşmək istəyirdim. Amma rəqib bilmirəm çəkinirdi, ya nədən idi, vuruşmaq istəmirdi. Daha çox zədə yetirmək istəyirdi, aqressiv döyüşürdü. Bu da mənim döyüşümə təsir göstərdi".
APA TV-nin xəbərinə görə, Avropa Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı boksçu Tayfur Əliyev oyundan sonra təəssüratlarını bölüşərkən deyib.
O, I Avropa Oyunlarında çıxış etdiyi üçün çox sevindiyini bildirib: "Çünki bu yarış tarixdə ilk dəfə keçirilir. İllər ötəcək, amma bütün tarix boyu İlk Avropa Oyunları yadda qalacaq, fərqli hisslər olacaq. Özümü şanslı sayıram. Çünki Avropada az idmançı mən yaşadığım hissləri keçirdi. Döyüşlərimə gəldikdə, çıxışımdan çox da razı qalmadım".
Tayfur Əliyev finala çıxa bilməməsinin səbəbini belə izah edib: "Təcrübəsizlik. Rəqibin güclü olması mənim üçün problem deyildi. Amma çox təcrübəli idi. Bütün görüşlərimə baxmışdı, mənə qarşı necə döyüşməli olduğunu bilirdi. Yalnız kəllə vurmaqla, dirsək atmaqla məni zədələyə bilərdi. Bunu da bacardı. İkinci dəfə qaşım çapıldı. İlk döyüşümdə də rumıniyalı boksçunun dirsəyi dəymişdi, onda da qaşım çapılmışdı. Bu dəfə eyni yerdən zədələndim. Bu, yumruqla olan bir şey deyildi. Bilirəm ki, döyüş baxımından rus rəqibimə uduzmadım. Yalnız təcrübə çatışmazlığı oldu. Gələn görüşlərdə ona qarşı daha yaxşı döyüşüb, qələbə qazanacağam".
Məşqçilərinin tapşırıqlarını dəqiqliklə yerinə yetirdiyini deyən medalçı ilk dəfədir ki, böyüklər arasında yarışa qatıldığını bildirir. Tayfur deyir ki, bundan sonrakı yarışlarda Avropa Oyunlarında qazandığı təcrübə ona kömək edəcək.
Qeyd edək ki, kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finala çıxmaq uğrunda döyüşdə rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşıb. Yarımfinal görüşündə boksçumuz 2:1 hesabı ilə məğlub olaraq, oyunları bürünc medalla başa vurub.