Saymon Kleq: "Sabah 29 min tamaşaçı gözləyirik"
“Oyunların 12-ci günündə 7 yarış keçirildi. Yarışlar başa çatan məkanlarda keçid prosesi baş verir”.
APA TV-nin xəbərinə görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Onun sözlərinə görə, iyunun 24-də çimərlik futbolu üzrə ilk yarışlar keçirilib: "Möhtəşəm oyunlar baş tutdu. Dünən mən də çimərlik futboluna getmişdim. Rəsmilər dedilər ki, hətta dünya çempionatları belə məkanlarda keçirilmir. Bu da onların məmnun olmalarından xəbər verir. 7 məkanda 18 700-dən çox tamaşaçımız olub. Orta göstərici 81 faizdir”.
Baş direktorun sözlərinə görə, dünəndən bu günə qədər 3300 idmançı və nümayəndə Atletlər Kəndində yaşamaqdadır. Bu isə rekord səviyyədən ikiqat azdır: "Bugünkü bütün idman yarışlarına biletlərin hamısı satılıb. Cüdo yarışları bu gün başlayacaq. Düşünürəm ki, Heydər Əliyev Arenasında gözəl görüşlər olacaq. Həmçinin Azərbaycan və Türkiyə voleybol komandalarının oyununun da gözəl keçəcəyini güman edirəm. Sabah Azərbaycanda bayramdır. Buna görə də 29 minə yaxın tamaşaçının gəlməsini gözləyirik".