Ağac parçalarından yaradılan möcüzələr - REPORTAJ
Paytaxtın Yeni Ramana qəsəbəsində istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər il 800 nəfər əlil müxtəlif sənətlərə yiyələnərək fəal həyata qayıdır. Sizə haqqında söhbət açmaq istədiyimiz Rəşad Əbilov da onlardan biridir.
Rəşad Cəlilabad rayonunun Komanlı kəndində yaşayır. Bir neçə il əvvəl istehsalat qəzasında sağlamlığını itirib. Lakin I qrup əlil olması onu halal zəhmətdən uzaqlaşdıra bilməyib. 35 yaşlı gənc qismətinə yazılan yeni həyat tərzi ilə barışsa da, bekar dayana bilmir. Reabilitasiya Mərkəzindəki peşə kursunda ağac üzərində oyma sənətinə yiyələnib. Dörd aylıq tədrisdən sonra doğulduğu Komanlıya qayıdıb. İndi Rəşadın başlıca məqsədi cəmiyyətin bir hissəsi olaraq çalışmaq, keçirdiyi iztirabları unutmaq, həmçinin ailə büdcəsinə öz töhfəsini verməkdən ibarətdir. Elə bu məqsədlə də əlil arabasından ayrılmadan ağac parçalarını yonaraq, müxtəlif çeşiddə suvenirlər düzəltməklə milli-mənəvi dəyərlərimizi yaşadır: "Həyatıma uyğun bu sənəti seçdim. Mən çox rahatlıq, sakitçilik tapıram. Çox vaxt hər şeydən uzaqlaşıb, bütün fikrimi buna cəlb edirəm".
Rəşadın hərəkət məhdudiyyəti səbəbindən lazım olan materialları əldə etməkdə atası ona köməkçi olur. Quru ağac budaqları, cansız taxta parçaları Rəşadın oymaları ilə formaya salınır və beləcə, cürbəcür suvenirlər yaranır. Nəticədə isə gərəksiz tullantılar milli dəyərlərimizin, tariximizin təbliğinə xidmət edir. Rəşadın ən böyük istəyi də məhz budur. Onun dediyinə görə, ötən bir ildə xeyli sayda əl işləri yaradıb. Əvvəllər onları tanışlarına hədiyyə etsə də, indi satışa çıxarmağı düşünür. Lakin rayon mərkəzindən xeyli uzaqda yaşaması onun bu arzusunun gerçəkləşməsinə mane olur: "İşlədikcə yığılır, yığıldıqca qalır. Fikirləşirsən ki, bunları neyləyəcəm. Bizimçün bir satış yeri olsun ki, işləyib satışa çıxara bilək. Mərkəzləşmiş bir yer olsun. Mən ucqar bir yerdə yaşadığım üçün bunları burda satmaq qeyri-mümkündür. Rayon daxilində, şəhərdə olsa, çox gözəl olar. Çünki mən tək deyiləm. Mənim kimi bu işlə məşğul olan insanlar çoxdur".
Rəşadın hazırladığı suvenirlər içərisində Bakı-2015 Birinci Avropa Oyunlarını vəsf edən əl işləri də xüsusi yer tutur. Onun sözlərinə görə, ölkəmizə gələn xarici turistlərin milli adət-ənənələrimizə bələd olmalarında məhz bu suvenirlər də mühüm rol oynaya bilər.