Əkiz bacılardan medal yağmuru: Sevil finalda, Sevinc bürünclə kifayətləndi
I Avropa Oyunlarında qadın qılıncoynatma ustalarının yarışında Azərbaycanı təmsil edən Sevil və Sevinc Bünyatova bacıları yüksək nəticə göstəriblər. Yarımfinala yüksələn bacılardan Sevil Bünyatova fransız Marqo Rifkisslə qarşılaşıb. Rəqibinə 15-9 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Sevinc Bünyatova isə yarımfinalda polyak Anjelika Vatora məğlub olaraq tamaşaçıların qılıncoynatmada Azərbaycan finalı arzusunu puç edib. Reqlamentə əsasən, yarımfinalda məğlub olan idmançılar avtomatik olaraq bürünc medalın sahibi olurlar. Sevinc Bünyatova yarımfinala çıxmaqla Azərbaycanın komanda hesabına daha bir bürünc medal yazdırıb. Onun bacısı Sevil Bünyatova isə qızıl medal qazanmaq şansını saxlayır. Bünyatovanın rəqibi polyak Anjelika Vator olacaq.