Prezident İlham Əliyev: “Rədd olsunlar bizim torpaqlarımızdan!”

"Son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilib. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək".

 

APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılış mərasimində deyib.

 

Dövlət başçısı xatırladıb ki, təxminən 10 il əvvəl Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlayıb. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu, ordumuzun təchizatı üçün əvəzolunmazdır: "Beləliklə, biz idxaldan asılılığımızı böyük dərəcədə azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq".

 

Prezident İlham Əliyev deyib ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən, Azərbaycan ərazilərinin işğal altında saxlanılması davam edir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etsə də, iyirmi ildən artıqdır bu sənədlər icra edilmir.

 

Prezident qeyd edib ki, nəinki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, hətta bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqları üzərində qurulub. Dövlət başçısı bəyan edib ki, İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və azərbaycanlılar o torpaqlara da qayıdacaqlar: "Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük".

 

Prezident təmas xəttindəki vəziyyətdən də danışıb və bildirib ki, Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını ləyaqətlə alır: "Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər".

 

Prezident bildirib ki, düşmən indi təlaş içindədir, təmas xəttindəki məğlubiyyətdən sonra qisas almağa çalışsa da, cəhdləri uğursuz olub: "Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər".

Müəllif | Apa.Tv
Apa.tv