Ermənistanda etiraz aksiyaları gündəlik xarakter aldı
Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı paytaxt İrəvanda keçirilən etiraz aksiyası altı gündür davam edir.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, nə mitinqin zorakılıqla dağıdılması, nə də hakimiyyətin çərşənbə günü verdiyi vədlər mitinqçilərin şəhərin mərkəzi prospektini tərk etməsinə səbəb olmayıb.
Ötən axşam İrəvana yağan leysan da narazıları dağıda bilməyib.
Aksiya "Talana yox!" şüarı ilə keçirilir. Eyniadlı ictimai hərəkat iştirakçıları aksiyalarla bağlı sosial şəbəkələr vasitəsilə məlumatlandırır.
İrəvanın mərkəzi Baqramyan prospektinin təxminən 200 metrlik hissəsi aksiya iştirakçılarının nəzarətindədir. Amma Prezident Administrasiyası və parlament binasının yerləşdiyi məhəllə polis mühasirəsindədir. Polis qüvvələri ilə aksiya iştirakçılarına zibil qutularından düzəldilmiş ikiqat barrikada ayırır.
Ötən axşam aksiya iştirakçıları ilə kommunal şirkətin əməkdaşları arasında insident yaranıb. Şirkətin nümayəndələri zibil qutularını götürmək üçün əraziyə gəlsələr də, gənclər barrikada kimi istifadə etdikləri qutuların aparılmasına imkan verməyiblər.
Aksiya iştirakçıları dünən Baqramyan prospektinə üzərində "Xalqdan talançılara" yazılmış əklil qoyublar.
"Talana yox" qrupu bəyan edib ki, tələbləri yerinə yetirilməyənə qədər aksiyaları dayandırmayacaqlar. Təşkilatçılar irəvanlıları hər gün saat 18.00-da Azadlıq meydanına toplaşmağa və oradan Baqramyan prospektinə qədər yürüş etməyə çağırırlar.