Bakı-2015: Almaniya üçüncülüyü əldən verdi

Bakı-2015 I Avropa Oyunlarının XIV günündə 21 dəst medalın sahibi müəyyənləşib. APA TV-nin məlumatına görə, Azərbaycan yığması ötən gün 6 dəfə mükafatçılar sırasına düşüb.

 

Yığmamızın üzvləri 1 qızıl, 2 gümüş və 3 bürünc əldə edib. Bununla millimizin aktivindəki medalların sayı 46-ya çatıb. Təmsilçilərimiz arxada qalan 14 gün ərzində 15 qızıl, 13 gümüş və 18 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.

 

Almaniya daha çox - 47 dəfə idmançılarının fəxri kürsüyə qalxmasına sevinsə də, 3-cü pilləni də əldən verib. Belə ki, 14 qızıl, 6 gümüş və 14 bürünc medala yiyələnən Böyük Britaniya millisi ilk “üçlüy”ə daxil olub.

 

Siyahının aşkar lideri olan Rusiya dünən daha 14 medal qazanaraq, üstünlüyünü daha da artırıb. Hesabında 123 mükafat olan rusiyalıların medallarından 59-u qızıl, 32-si gümüş, 32-si bürüncdür.

 

Rusiya, Azərbaycan və Böyük Britaniyanın ardından ilk “altılıq”da Almaniya, Belarus və İtaliya qərarlaşıb. İki pillə irəliləyən sonuncular Serbiyanı 6 ən yaxşı arasından sıxışdırıb.

 

Oyunların 14-cü günü 3 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Avstriya ilki rəsmiləşdirməklə kifayətlənməyib, 2 çempionluq əldə edib. Avstriya Avropa Oyunlarında himni səslənən 26-cı ölkə olub.

 

İki ölkə - Kosovo və İrlandiya isə ilk medalın sevincini yaşayıb. Bununla da Bakı-2015-də mükafat qazanan ölkələrin sayı 42-yə çatıb. Hələlik yalnız 8 yığma medala həsrətdir.

 

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 14 günündə ümumilikdə 648 - 194 qızıl, 194 gümüş, 260 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 26-sı çempionluq sevinci yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv