Qadın voleybolçularımız Türkiyə millisinə uduzdu

Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal oyunları keçirilib.

 

APA TV-nin məlumatına görə, baş tutan iki qarşılaşma final və 3-cü yer uğrunda mübarizə aparacaq cütləri müəyyənləşdirib.

 

Gərgin mübarizə şəraitində keçən hər iki oyunun taleyi tay-brekdə həll olunub.

 

1/4 finalda Hollandiya üzərində asan qələbə qazanan Azərbaycan yığması qrup mərhələsində 0:3 hesabı ilə məğlub olduğu Türkiyə ilə qarşılaşıb. İlk setdə məğlub olan Aleksandr Çervyakovun yetirmələri sonrakı hissədə bərabərliyi təmin edib. Üçüncü setdə də yenilən yığmamız liderlərinin inamlı oyunu sayəsində gərgin keçən 4-cü seti xeyrinə başa vuraraq, qarşılaşmanı tay-brekə daşıyıb. Lakin həlledici setdə “ay-ulduzlular” qalib gəlib.

 

Digər yarımfinal cütündə isə Polşa və Serbiya münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən mübarizə tay-brekə qədər uzanıb. Son seti daha yaxşı keçirən Polşa finala vəsiqə qazanmağa müvəffəq olub.

 

Qeyd edək ki, qadın voleybolçuların yarışında mükafatçılar iyunun 27-də müəyyənləşəcək. Saat 16:00-da 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan və Serbiya, 18:30-da baş tutacaq final matçında isə Polşa və Türkiyə görüşəcək.

Müəllif | Apa.Tv
Apa.tv