HDP-dən sərt ittiham: İŞİD terrorçuları Kobaniyə Türkiyədən keçib
İŞİD terrorçuları Suriyanın şimalındakı Kobani şəhərində yenidən möhkəmlənməyə başlayıblar.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular şəhərə girdikdən sonra aldadıcı fənd olaraq kürd silahlılarının uniformalarını geyinərək dinc sakinləri güllələyiblər. Ən azı 100 nəfərin öldürüldüyü bildirilir.
Yaralananlar da var. Onlar Türkiyə ərazisinə keçirilib və Şanlurfanın Suruç qəsəbəsindəki xəstəxanaya yerləşdiriliblər. İŞİD-in Kobani istiqamətində Suriyada nəzarətdə saxladığı mövqelərindən hücuma keçdiyi deyilir.
Bu arada HDP həmsədri Figən Yüksəkdağ İŞİD terrorçularının Kobaniyə Türkiyə ərazisindən keçdiklərini iddia edib: "Bu vaxta qədər İŞİD sərhəd qapılarından çox rahat şəkildə istifadə edib. Bu hücumu həyata keçirən qruplaşmanın eyni keçid məntəqələrindən istifadə edə bilmədiyi məntiqə sığmır".
Ankaranın bu iddialara reaksiyası gecikməyib. Baş nazirin müşaviri Numan Kurtulmuş ittihamı Türkiyə əleyhinə atılan böhtan kimi dəyərləndirib. Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirlik nümayəndəsi Tanju Bilgiç terrorçuların Kobaniyə Suriya ərazisində nəzarət etdikləri Cerablus bölgəsindən hücuma keçdiklərini deyib və əllərində bunu isbatlayan görüntülərin olduğunu qeyd edib.