Politoloq: “Rusiya Avropa İttifaqı ilə yaxınlaşsa, NATO lazımsız quruma çevriləcək”
"ABŞ Rusiya ilə Avropa İttifaqı arasında istənilən əlaqənin yaranmasına mane olur. Bu Vaşinqtona qətiyyən sərf etmir".
APA TV-nin məlumatına görə, bu fikirlərlə fransız politoloq Aleksandr Latsa Fransa mətbuatında çıxış edib.
Politoloq vurğulayıb ki, əgər bu hal baş verərsə, o zaman NATO Avropada lazımsız bir quruma çevriləcək. Çünki tərəflərin yaxınlaşması ilk növbədə çoxqütblü dünyanın yaranması prosesini sürətləndirəcək: "Bu isə Vaşinqtonun marağına uyğun gəlmir. Çünki ABŞ Avropa ilə Rusiya arasında baş verə biləcək yaxınlaşmada özünün iqtisadi maraqlarının məhv olacağını yaxşı anlayır. Əgər bu münasibətlər yaranarsa, o zaman Avropanın qarşısında Rusiya boyda bir bazar yaranacaq. Bu isə ticarət deməkdir. Bu ticari əlaqələrdə isə Rusiyanın söz sahibi olacağı yəqindir" - deyə Latsa bildirib.
Onun sözlərinə görə, NATO-dan Avropa ilə Rusiya arasında sədd kimi istifadə edən ABŞ Avropada daha çox transatlantik iqtisadiyyatın hakim olmasını və bunun davam etməsini istəyir. Bu isə Avropada əksinə, Vaşinqtonun söz sahibi olması deməkdir: "Avropa mətbuatı qitədə "rus casusları" axtarışında olanda, amerikalı "dostlar" artıq həmin transatlantik iqtisadi-ticarət zonasını yaradırdılar. Bundan başqa onlar Avropada informasiya sahəsinə nəzarət etməyə və qitənin nüfuzlu şəxslərini və siyasətçilərini - özlərinin gələcək tərəfdaşlarını dinləməyə də başladılar".
Latsa əlavə edib ki, Avropa İttifaqı ilə Rusiyanın yaxınlaşması həm də NATO-nun bir hərbi struktur kimi sıradan çıxması deməkdir. "Bu yaxınlaşma Avropanın həm də Avrasiya məkanına inteqrasiya etməsinə imkan yaradır. Bu isə NATO-nu lazımsız edir. Çünki bu, Rusiya və Çinin məhz NATO-ya alternativ olaraq yaratmaq istədiyi Avrasiya modelinə bəzi Avropa ölkələrinin də qoşulması ilə nəticələnə bilər" - deyə politoloq vurğulayıb.