Bal, bal, bal kimi... - XÜSUSİ REPORTAJ

Astara rayonunun Siyatük kəndi Talış dağlarının ətəyində yerləşir. Yerli sakinlərin ruzisi əsasən maldarlıqdan, sitrusçuluqdan və arıçılıqdan çıxır.

 

Kənddə həmsöhbət olduğumuz Surətulla Şabanovun 59 yaşı var. 28 ildən çoxdur ki, arıçılıqla məşğuldur. Bu işdə ona oğlanları və dostları yaxından köməklik göstərir. Surətulla kişinin sözlərinə görə, onu arıçılıqla məşğul olmağa düçar olduğu xəstəlik sövq edib. Dərdinə çarə tapılmadığından, həkimlər ona baldan istifadə etməyi məsləhət görüblər.

 

Surətulla kişinin fikrincə, balın insan orqanizminə verdiyi xeyri heç bir qida əvəz edə bilməz.

 

Surətulla Şabanovun sözlərinə görə, müqəddəs Qurani-Kərimin “Nəhl” surəsində Uca Yaradanın (c.c.) arıya verdiyi dəyər çox sərrast ifadə olunub. Bala haram qatmaq olmaz.

 

Hazırda 60-dək arı ailəsinə baxan Surətulla kişi deyir ki, balın min bir dərdin dərmanı, əsl möcüzə olduğunu elm də təsdiq edib. Cökədən, baldırğandan çəkilən şirə bir çox sağalmaz xəstəliklərin dərmanıdır. Çoxları onu məndən məhz dərman kimi alır və şəfasını da tapır.

 

Peşəkar arıçı əsl balla saxta balı fərqləndirən xüsusiyyətlərdən söz açdıqdan sonra üzləşdikləri çətinlikləri də dilə gətirdi. Dedi ki, dövlət kənd təsərrüfatının digər sahələrində olduğu kimi, arıçılığa da dəstək verməlidir: "İstehsal etdiyimiz balı sata bilmirik. Daha doğrusu, saxta bal satanların sayı çoxaldığından, əsl təbii bal yetişdirən arıçılar az qalıb ki, sıxışdırılıb aradan çıxarılsın. İnsanlar ucuzdur deyə saxta bala meyl göstərirlər. Bunun nəticəsi isə bizə çox baha başa gəlir. Yaxşı olar ki, bu sahədə güclü nəzarət yaradılsın".

 

Astaranın digər arıçıları ilə yanaşı, Surətulla Şabanov da mövsümün ilk bal süzümünə başlayıb. Onun sözlərinə görə, ötən il quraqlıq səbəbindən bir arı ailəsindən 5-6 kq məhsul əldə edildiyi halda, bu il bu rəqəm iki dəfədən çox arta bilər. Məhsul tədarükü başa çatdıqdan sonra isə arı ailələri dağlara köçürüləcək.

 

Biz Surətulla kişinin evində bal süzümü prosesini də izlədik. Əvvəlcə pətəkdən şanılar çıxarılır, üstü iti alətlə təmizləndikdən sonra dörd-dörd xüsusi düzəldilmiş qurğuya qoyulur və həmin qurğu əl ilə hərəkətə gətirilir. Beş-on dəqiqə sonra şanılardan süzülmüş bal şüşə qablara yerləşdirilir.

 

Qeyd edək ki, Astara rayonunda 22 mindən çox arı ailəsi var. Arıçılıqla məşğul olanların sayı isə 1000-ə yaxındır. Astara Rayon Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, keçən il rayonda 80 ton bal istehsal olunub. Bu il isə 200-210 ton məhsul gözlənilir.

Müəllif | Apa.Tv