Səbinə Abdullayeva: “Qızıl medal qazanmağa zədəm mane oldu”

"İlk görüşümdə tez qalib gəldim. Sonra ciddi zədə aldım. İkinci görüşüm finala çıxmaq üçün oldu. Dizimin zədə almasına baxmayaraq çalışdım ki, qızıl medala doğru daha da irəliləyim”. Bu fikirləri Avropa Oyunlarının gümüş mükafatçısı, paracüdoçu Səbinə Abdullayeva deyib.

 

İdmançımız yarımfinalda zədəsinin daha da şiddətləndiyini bildirib: “Finalda da qalib gəlməyimə az qalmışdı, dizimin zədəsi psixologiyama təsir etdi. Özümü rəqibdən qoruya bilmədim və məğlub oldum. İstərdim ki, mən himnimizi səsləndirim, məni də cənab prezidentimiz təltif etsin. Gümüş medala da şükür. İnşallah bunun davamı gələr".   

 

Səbinə Abdullayeva ayaq bağlarının dartındığını və qopduğunu deyib: “Final görüşünə çıxanda tibbi yardım olunduğundan ağrını az hiss edirdim. Amma, görüş zamanı dizim yerə dəydi və keyidicinin təsiri keçdi. Çiynimdə də çıxıq var. Buradan xəstəxanaya gedəcəyəm". 

Müəllif | Apa.Tv