Parisdə polislə taksi sürücüləri toqquşdu
Parisdə taksi sürücülərinin keçirdiyi aksiya zamanı polislə qarşıdurma baş verib. APA TV-nin məlumatına görə, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.
Fransanın baş naziri Manuel Vals qarşıdurmalarda günahı olanların cəzalandırılacağını bəyan edib. O, taksi sürücülərinin Uber taksi xidmətinə qarşı keçirdiyi aksiyada baş verənlərin yolverilməz olduğunu deyib.
Qeyd edək ki, iyunun 26 və 27-də Paris taksiçiləri Uber xidmətinə qarşı etiraz olaraq Orli və Şarl de Qoll hava limanlarına gedən yolları bağlayıblar. Taksi sürücüləri hökumətdən bu servisin bağlanmasını tələb edirlər. Onların fikrincə, həmin xidmətin sürücüləri qeyri-peşəkardır və onların lisenziyası yoxdur. Parisdə taksi sürmək üçün verilən lisenziyanın dəyəri 100 min avrodan artıqdır. Uber taksiləri üçün belə tələb yoxdur ki, bu da Fransa qanunvericiliyinin pozulması deməkdir.
Orli aeroportunda isə polis bir sürücünü gözyaşardıcı tüstü şaşkası atarkən saxlayıb. Yerli telekanalların xəbərinə görə, Parisdə şəxsi və qeyr-şəxsi taksi sürücüləri arasında toqquşmalar baş verib, hadisələrə xüsusi təyinatlılar müdaxilə etməli olub. Etirazçılara zor tətbiq edən polis aksiyanı dağıtmağı bacarıb.