Azərbaycan prezidentinə ali paralimpiya mükafatı təqdim edilib
Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
APA TV-nin məlumatına görə, ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.
Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Braziliya Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də imzalanıb.
Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını bildirib.
Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə verildiyini deyib, Azərbaycan paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd edib.
Endrü Parson Azərbaycan prezidenti İlham Əliyevi Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında görmək arzusunu çatdırıb.