İŞİD Tunisdəki qətliama görə məsuliyyəti üzərinə götürdü: 39 ölü
Tunisin Sus şəhərində yerləşən hotelin çimərliyinə silahlı hücum olub. APA TV-nin məlumatına görə, terror hadisəsi zamanı ən azı 39 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Naməlum silahlı şəxs qəfildən çimərlikdə qarşısına çıxan şəxslərə atəş açmağa başlayıb. Ölənlər arasında Böyük Britaniya, Almaniya və Belçika vətəndaşları da var.
Dərhal hadisə yerinə polis qüvvələri cəlb olunub. Atışma zamanı terrorçu öldürülüb. Tunis Daxili İşlər Nazirliyi onun şəxsiyyətini açıqlayıb. Bildirilir ki, çimərlikdəki qətliamı 1992-ci il təvəllüdlü Seyfəddin ər-Rezki törədib. O, ötən il universitetin bakalavr pilləsini texniki fənlər üzrə bitirib və magistraturaya daxil olub. Seyfəddinin bir neçə tələbə yoldaşı ilə birlikdə Kayruan şəhərindəki gizli məscidlərdə radikal islamçılarla tez-tez görüşdüyü bildirilir.
İŞİD terror qruplaşması isə açıqlama yayaraq, terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Açıqlamada Seyfəddin ər-Rezki "Əbu Yəhya əl-Kayruni" kimi təqdim olunub.