Türkiyədə gizli dinləmələr aparan Ramazan Akyürəyə 860 il iş istənilib
Nurçuların lideri Fətullah Gülənin adamı hesab olunan sabiq polis rəisi Ramazan Akyürək 860 il müddətinə azadlıqdan məhrum edilə bilər.
AKP hökuməti dövründə əvvəlcə Trabzon polis rəisi, sonra kəşfiyyat idarəsinin rəisi vəzifəsinə gətirilən, adı "Hrant Dink cinayəti" və digər cinayət işlərində hallanan Ramazan Akyürəyin MİT müstəşarı təyin olunması gözlənilirdi. 17 dekabr əməliyyatından sonra Ramazan Akyürək haqqında həbs qərarı çıxarılıb, məhkəmə onun qanunsuz dinləmələr apardığı barədə ittihamları qəbul edib.
Jurnalistlər, məhkəmə mənsubları və iş adamlarının daxil olduğu 48 nəfəri qanunsuz dinləmək iddiası ilə başlanan cinayət işində Ramazan Akyürək qanunsuz cinayətkar qruplaşmanın rəhbəri kimi təqdim olunur. Prokuror 40 ayrı cinayət əməlində suçlu bildiyi Akyürekin 860 ilə qədər həbs cəzasına məhkum edilməsini istəyib. Bundan başqa, "Ergenekon işi" üzrə iddianaməni hazırlayan kəşfiyyat idarəsinin sabiq rəis müavini Receb Güvənə 192-704 il həbs cəzası istənilib.
130 səhifəlik iddianamədə MHP lideri Dövlət Baxçalının şəxsi katibi və müşavirlərinin də dinləndiyi qeyd olunur.
Günahlandırılan şəxslər Fətullah Gülən təşkilatının məqsədləri üçün də qanunsuz dinləmələr keçirməkdə ittiham edilir.