Azərbaycan prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, baş katibi Raffaele Pagnozzi, Koordinasiya komissiyasının sədri Spyros Capralos daxildir.
P.Hikki Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlət başçısına təşəkkürlərini çatdırıb: “Dünən siz paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.
Xoş sözlərə görə P.Hikkiyə dərin minnətdarlığını bildirən dövlət başçısı həqiqətən də İ.Zəkiyevə qızıl medalın təqdim etmə mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğulayıb. İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlət başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirib. “O, məni podiuma dəvət etdi və mən böyük məmnunluqla bunu etdim” deyən prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu bildirib.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, Birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən P.Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbdən minnətdarlığını bildirib. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən P.Hikkinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən prezident İ.Əliyev ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini bildirib.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Tsipros Kapralosun və Avropa Olimpiya Komitəsi icraiyyə komitəsinin bütün üzvlərinin bu möhtəşəm, unudulmaz İlk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirib.